Eldarova Əminə Mehrab qızı (1921 – 2008)

Eldarova Əminə Mehrab qızı (1921 – 2008) – etnomusiqişünas. Sənətşünaslıq namizədi (1975). Azərbaycanda musiqi eposşünaslığının təşəkkülündə və inkişafında müstəsna xidmətləri olmuşdur. Ə.Eldarovanın elmi araşdırmaları nəticəsində etnomusiqişünaslıqda ilk dəfə olaraq aşıq sənəti şifahi ənənəli Azərbaycan professional musiqisinin özünəməxsus bədii sistemə malik olan müstəqil qolu kimi  təqdim edilmişdir. Alimin tədqiqat əsərlərinin elmi problematikası çoxşaxəlidir. Onun elmi yaradıcılığında aşıqşünaslığın musiqi-tarixi, musiqi-nəzəri, etnoorqanoloji, metodoloji və d. problemləri öz şərhini tapmışdır. Ü. Hacıbəylinin rəhbərliyi ilə “Aşıq sənəti və muğamın müqayisəli icmalı” mövzusunda diplom işi müdafiə etmişdir. Tədqiqatçının “Aşıq sənətinin bəzi məsələləri” (rus dilində,“Azərbaycan incəsənəti”, I cild, 1949) adlı ilk elmi məqaləsində aşıq yaradıcılığının bəzi üslub xüsusiyyətləri, janr təsnifatı, musiqi-poetik formaları, sazın orqanologiyasından bəhs edilmiş, aşıq musiqisinin bəstəkarlıq yaradıcılığında təzahürü məsələləri işıqlandırılmışdır. “Aşıq sənəti haqqında tarixi oçerk” məqaləsində (rus dilində, “Azərbaycan incəsənəti”, VIII cild, 1962) aşıq yaradıcılığına dair bəzi tarixi məsələlər şərh edilmişdir. Ə.Eldarovanın elmi irsinin böyük bir hissəsi Azərbaycan aşıqlarının musiqili-poetik terminoloji lüğətinin tədqiqi problemlərinə həsr olunmuşdur. Öz dövrünün görkəmli aşıqlarından (aşıq Talıb, İslam Yusifov, Mirzə Bayramov, Sadıx Sultanov, Əsəd Rzayev, İbrahim Qaraçıoğlu və d.) toplanılmış zəngin materiala əsaslanaraq o, aşıq yaradıcılığında əsrlər boyu formalaşmış və şifahi yolla ötürülmüş nəzəri biliklər sisteminin mövcudluğunu təsdiq etmişdir.  Ə.Eldarovanın bu səpkidə aparılmış araşdırmaları aşıq sənətini şifahi ənənəli Azərbaycan professional musiqisinin özünəməxsus bir qolu hesab etməyə əsas vermişdir. Azərbaycan aşıq yaradıcılığının nəzəri sisteminə dair məsələlər etnnomusiqişünasın monoqrafiyalarında, “Azərbaycan aşıqlarının musiqili-poetik terminoloji lüğəti” (rus dilində, “Azərbaycan incəsənəti”, XII cild, 1968) məqaləsində, Antropoloq və etnoqrafların VII ümümdünya konqresində (Moskva, 1964) təqdim etdiyi məruzədə öz əksini tapmışdır. “Azərbaycan aşıqlarının aləti saz” məqaləsində (rus dilində, “Asiya və Afrika xalqlarının musiqisi”, Moskva, 1969) saz alətinin mənşəyi, morfologiyası, bədii və texniki imkanlarına dair geniş məlumat verilmişdir. Ə.Eldarovanın “Azərbaycan aşıq sənəti” (rus dilində, 1984; 1996) monoqrafiyasında aşıq sənəti ilə bağlı olan məsələlər kompleks şəklində, tarixilik prinsipi nöqteyi-nəzərindən tədqiq edilmışdır. Monoqrafiyada  aşıq sənətinin  yaranması və inkişaf yolları, aşıq yaradıcılığının sintetik təbiəti, musiqi-poetik formaları, aşıq mühitləri, aşıq qurultayları və d. məsələlər işıqlandırılmışdır.

Scroll to Top